Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavollitanı və İtaliya Respublikasının Türkiyə və Azərbaycandakı hərbi attaşesi I dərəcəli kapitan Karlo Ferratanı qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri Azərbaycan və İtaliya respublikaları arasındakı münasibətlərin inkişaf etdiyini qeyd etmişdir.
Səfir səmimi qəbul üçün nazirə təşəkkür etmiş, İtaliya-Azərbaycan münasibətlərinin azərbaycan Respublikasının prezidenti H.Əliyevin İtaliyaya səfərindən sonra nizamlı surətdə inkişaf etdiyini və nəhayət, hərbi əməkdaşlıq sahəsində də münasibətlərin yaranmasına təsir etdiyini vurğulamışdır. O, Azərbaycanın Qafqazda strateji mövqe tutduğunu söyləmiş, məhz buna görə də İtaliyanın burada ilk olaraq Azərbaycan Respublikasında öz səfirliyini açdığını qeyd etmişdir.
Hərbi attaşe K.Ferrata Azərbaycanla İtaliya arasında hərbi səviyyədə qarşılıqlı inamın yaradılmasının Avropada təhlükəsizliyə xidmət etdiyini açıqlamış, İtaliyanın Azərbaycanla NATO-nun Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsindəki əməkdaşlığından savayı, Silahlı Qüvvələr arasında da ikitərəfli münasibətlərin yaranmasında maraqlı olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın İtaliya ilə hərbi əməkdaşlığının mümkün olduğunu söyləmiş, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığa aid verilən təklifin tezliklə həyata keçirilməsini arzulamışdır. O, İtaliya səfirinin “Ermənistan-Azərbaycan münaqişəsinin həllində “ATƏT-in Minsk qrupu həmsədrlərinin son təkliflərinə münasibətiniz necədir?”- sualını cavablandıraraq demişdir: “ATƏT-in Minsk qrupu həmsədrlərinin son təklifləri bizi təəccübləndirmişdir. Bu təkiflər birbaşa təcavüzkar və işğalçı Ermənistan Respublikasının maraqlarına xidmət edir. Biz bu münaqişənin həllini 1996-cı ildə qəbul edilmiş Lissabon sammitinin prinsiplərinin həyata keçirilməsində görürük. Biz münaqişənin yalnız dinc yolla həllinin tərəfdarıyıq.”
İtaliya səfiri öz növbəsində bildirmişdir: “Əhəmiyyətli odur ki, hər iki tərəf münaqişənin dinc yolla həllinin tərəfdarıdır. İtaliya Respublikası ATƏT-in Minsk qrupunun üzvü kimi Lissabon sammitinin qərarını və prinsiplərini müdafiə etmək fikrindədir.”
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmişdir.