Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Əlirza Biqdelini və hərbi attaşesi general-mayor Cəlal Mehribanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra səfir onu yenidən Müdafiə naziri təyin edilməsi münasibətilə təbrik etmiş və İran İslam Respublikasının Müdafiə naziri vitse-admiral Əli Şəmxaninin təbrikini ona təqdim etmişdir.
Cənab Ə.Biqdeli İran-Azərbaycan əlaqələrinin genişlənməsinə yaxşı zəmin olduğunu, hər iki ölkənin mənafeyi baxımından münasibətlərin daha da yaxşılaşdırılmasının zəruriliyini və hərbi əməkdaşlıq sahəsində də əlaqələrin yaradılmasının vacibliyini qeyd etmişdir.
General-polkovnik S.Əbiyev bu görüşdən məmnun olduğunu bildirmiş və erməni təcavüzünün Azərbaycan xalqının ən böyük problemi olduğunu söyləmişdir. O, İran dövlətinin təcavüzkar Ermənistana mətbuatda açıqlanan yardımı haqqında öz nigarançılığını bildirdikdə, səfir qeyd etmişdir ki, İran-Ermənistan əlaqələri çox şəffafdır, bu münasibətlər müəyyən məhdudiyyət çərçivəsindədir və heç də Azərbaycana olan münasibətlərindən geniş deyildir. Lakin erməni mənbələri ara qızışdırmaq məqsədilə bu münasibətləri ictimaiyyətə şişirdilmiş şəkildə təqdim edir. Müdafiə naziri demişdir ki, belə olduqda İran tərəfi yalan məlumatları təkzib etməlidir.
General-mayor C.Mehriban ordu problemlərinin həllində Azərbaycan tərəfinə kömək etməyə hazır olduqlarını bəyan etmişdir. General-polkovnik S.Əbiyev bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, bu sahədə hələlik müvafiq idarələr səviyyəsində məsləhətləşmələr davam etdirilsin.
Görüş hərtərəfli və geniş fikir mübadiləsi şəraitində keçmişdir.