Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dekabrın 18-də Brüssel şəhərində NATO-nun qərargah-mənzilində NATO-üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin sessiyasında, Avropa-Atlantik Tərəfdaşlığı Şurasının (AATŞ) keçirdiyi görüşdə iştirak etmişdir.
“Müdafiənin perspektivləri nəzərə alınmaqla, Avropa-Atlantik Tərəfdaşlığı Şurası və “Sülh Naminə Tərəfdaşlıq” proqramı kontekstində NATO və tərəfdaş dövlətlərin gələcək təhlükəsizliyi və əməkdaşlığının təminatına irəli sürülən tələblər” mövzusunda keçirilən sessiyanın müzakirələrində Azərbaycan Respublikası Müdafiə naziri də öz təklifləri ilə çıxış etmişdir.
Müdafiə naziri digər müdafiə məsələləri ilə yanaşı Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyətlə sessiya iştirakçılarını yaxından tanış etmiş və Rusiya-Ermənistan hərbi münasibətlərinə toxunmuşdur. O, bu istiqamətdə Rusiya Federasiyasının mövqeyini kəskin tənqid edərək demişdir: “Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olmasına baxmayaraq, Rusiya Federasiyası son illərdə Ermənistana 1 milyard dollarlıq qanunsuz silah və sursat vermiş, bununla kifayətlənməmiş və 1998-ci ildə Ermənistan ərazisində 18 ədəd MİQ-29 tipli qırıcı təyyarə, S-300 tipli zenit-raket kompleksləri və digər silahlar yerləşdirmişdir. Bu addım Qafqazda onsuz da gərgin olan hərbi-siyasi vəziyyəti bir daha gərginləşdirmişdir”.
Müdafiə naziri çıxışını bu sözlərlə bitirmişdir:
“Azərbaycan Cənubi Qafqazda hərbi gərginliyin artırılmasına yol verilməməsinə yardım göstərmək üçün bütün tərəfdaş dövlətlərə müraciət edir”.
General-polkovnik S.Əbiyev dekabrın 21-də Vətənə qayıtmışdır.