Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 23-dən 27-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Müdafiə naziri səfərin birinci günü Ankarada Anıtqəbrə gələrək Türkiyə Respublikasının banisi Atatürkün məzarı üstünə əklil qoymuş, xatirə kitabına imza atmışdır. O, Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl, Baş nazir Məsud Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu Müdafiə naziri İsmət Sezgin, Quru Qoşunları komandanı ordu generalı Atilla Atəş və digərləri ilə görüşlər keçirmiş, “Sülh Naminə Tərəfdaşlıq” Mərkəzində və Xüsusi təyinatlı qüvvələr komandanlığında olmuşdur.
Nümayəndə heyəti Quru Qoşunları məktəbində təhsil alan Azərbaycanlı gənclərlə görüşmüş, onların qayğı və ehtiyacları ilə maraqlanmışdır. General-polkovnik S.Əbiyev kursantlar qarşısında çıxış etmiş, təhsildə və ictimai fəaliyyətdə fərqlənən kursantları fəxri fərmanlarla mükafatlandırmışdır. O, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində də olmuşdur.
Rəsmi səfərin ikinci yarısı İstanbul şəhərində keçmişdir, Müdafiə naziri burada Birinci Ordu komandanı general Çevik Bir, hərbi Akademiyaların rəhbərliyi və Akademiyalarda təhsil alan Azərbaycanlı zabitlərlə görüşmüşdür.
Müdafiə naziri Türkiyə Respublikasının rəhbərləri və Silahlı Qüvvələrin komandanlığı ilə görüşləri zamanı digər məsələlərlə yanaşı Rusiya Federasiyasının Ermənistana yeni silahlar, MİQ-29 tipli təyyarələr və S-300 zenit-raket kompleksləri verdiyini, bununla da Qafqazda hərbi-siyasi vəziyyətin yenidən gərginləşdiyini xüsusilə vurğulamışdır. O, bununla bağlı Türkiyə-Azərbaycan Silahlı Qüvvələri əlaqələrinin daha da genişləndirilməsini və NATO standartlarına inteqrasiyanı sürətləndirməyi təklif etmişdir. Səfər bir daha sübut etmişdir ki, Türkiyə Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana hərtərəfli yardım etməyə hazırdır.
Səfərdə Müdafiə nazirini Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan müşayiət etmişdir.