Noyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı İlhan Kılıçı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onlara hazırda Azərbaycan Hərbi Hava Qüvvələri quruculuğunda olan problemlər və əldə edilmiş uğurlar barəsində fikirlərini söyləmiş, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət haqqında məlumat vermişdir. O, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrində qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasını arzulamışdır.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə minnətdarlıq edən ordu generalı İ.Kılıç Azərbaycanda Hərbi Hava Qüvvələri quruculuğunda əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirmişdir. O, Müdafiə naziri S.Əbiyevə əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş türk əsgərinə ucaldılmış qəbirüstü abidənin qoyulmasında etdiyi yardıma görə minnətdarlığını bildirmişdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Türkiyə Respublikasının Azərbaycandakı böyük elçisi Qədri Eçvet Tezcan və hərbi attaşe general-mayor Sadıq Ercan iştirak etmişlər.