Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Ehtiyatda olan Zabitlər Dərnəyinin sədri general-leytenant Sidgi Aydınelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyəti bir az öncə Türkiyəyə dəvət edilmiş Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının prezidenti general-leytenant Əbülfəz Qasımovun dəvəti ilə cavab görüşünə gəlmişdir.
Müdafiə Naziri ehtiyatda olan Türkiyə generallarını və zabitlərini hərarətlə salamlayaraq iki ölkənin veteran təşkilatlarının qarşılıqlı əlaqələrindən məmnun olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin qarşılıqlı, çağdaş münasibətlərindən, bu əlaqələrin tarixindən, 80 il əvvəl Türkiyə-Azərbaycan Ordusunun Bakının bolşevik-daşnak işğalçılarından azad edilməsindən, Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk əsgərlərinin xatirəsinin bugün minnətdarlıqla yad edilməsindən və Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətdən ətraflı bəhs etmişdir.
Nümayəndə heyətinin başçısı ehtiyatda olan general-leytenant Sidgi Aydınel Azərbaycan Silahlı Qüvvələri quruculuğundakı uğurlara sevindiklərindən və əlaqələrimizin daha da genişləndirilməsi zərurətindən söhbət açmışdır.
Sərbəst fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan Silahlı Qüvvələri ehtiyatda olan Zabitlər Konfederasiyasının prezidenti general-leytenant Əbülfəz Qasımov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişlər.