Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Baş Komandanının siyasi müşaviri səfir Piter R. Şavyeni qəbul etmişdir.
Müdafiə Naziri qonaqları salamladıqdan sonra səfir Eskudero qonağı ona təqdim etmiş, oktyabrın 1-dən ABŞ Silahlı Qüvvələrində dəyişiklik, Azərbaycanın da MDB məkanında olan bir neçə dövlət kimi ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin nəzarət dairəsinə daxil ediləcəyindən bəhs etmişdir.
Sonra səfir Piter R. Şavye Azərbaycana ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin Baş Komandanı general Klarkın təklifi ilə əməkdaşlığı dərinləşdirmək üçün cari hərbi-siyasi vəziyyətlə tanış olmaq və imkanları öyrənmək məqsədilə gəldiyini aşkarlamışdır.
General-polkovnik S.Əbiyev Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikasının geosiyasi və geostrateji vəziyyəti, Ermənistan-Azərbaycan müharibəsinin tarixi, gedişi və nəticələri, müharibənin gedişində və atəşkəs dövründə Rusiya Federasiyasının Ermənistana fəal hərbi yardımı, Azərbaycanın 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması və orada fəal iştirakı, Azərbaycanın ali hərbi təhsil sistemində NATO standartlarından istifadə edilməsi, ordu quruculuğu, Türkiyə və Gürcüstan Respublikalarının Silahlı Qüvvələri ilə strateji müttəfiqlər kimi əməkdaşlıq və Respublikamızın daxilindəki vəziyyət barəsində qonaqlara ətraflı məlumat vermişdir.
Dialoq zamanı qeyd edilmişdir ki, 907-ci düzəliş ləğv edildikdən sonra məhdudiyyətlər aradan götürüləcək, Azərbaycan, ABŞ və NATO arasında əməkdaşlığı daha da güclənəcəkdir.
Səfir Piter R.Şavye Azərbaycandan Türkiyəyə səfər edəcəkdir.
Görüşdə ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenski iştirak etmişdir.