Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyun 1996 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin dəvəti ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı bu il iyunun 24-dən 26-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyunun 24-də və 25-də ordu generalı İsmayıl Haqqı Qaradayını qəbul etmişdir.
Ordu generalı İsmayıl Haqqı Qaradayı Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə tanış olmuş, Azərbaycan əsgərləri ilə görüşmüşdür. O, eyni zamanda hərb təhsili sistemi ilə tanış olmuş, Bakı Ali Birləşmiş Komandirlər məktəbinə və Bakı Ali Hərbi Dənizçilik məktəbinə getmiş, məktəblərin tədris-maddi bazasına baxmışdır.
Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevlə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İsmayıl Haqqı Qaradayı arasında 10 iyun 1996-cı il tarixdə iki respublika silahlı qüvvələrinin əməkdaşlığı sahəsində Ankarada imzalanmış saziş haqqında fikir mübadiləsi olmuşdur. Eləcə də tərəflər hərbi tibbi xidmət sahəsində əməkdaşlıq haqqında protokola baxmışlar. Protokol yaxın günlərdə imzalanacaqdır.
İyunun 26-da ordu generalı İsmayıl Haqqı Qaradayının səfəri başa çatmış və həmin gün də o, Ankaraya qayıtmışdır.