Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev 1996-cı il iyunun 6-dan 11-dək Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur. O, Türkiyə Respublikasının Müdafiə naziri Oltan Sunqurlu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi orgeneral İsmayıl Haqqı Qaradayı cənabları ilə görüşmüş, onlarla ordu quruculuğu sahəsində fikir mübadiləsi etmişdir. Nazir Türkiyə Respublikasında hərbi təhsil sistemi ilə yaxından tanış olmuş, hərb akademiyalarının komandanlığı ilə görüşmüş və akademiyaları gəzmişdir.
General-leytenant S.Əbiyev iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Paşa Atatürkün məqbərəsini ziyarət etmiş, məzarına əklil qoymuş və xatirə kitabına imza atmışdır. İyunun 10-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müdafiə sənayesi, müştərək istehsal, hərbi tibb və sağlamlıq xidmətləri, sosial, idman və mədəni məqsədli fəaliyyətlər, hərbi hüquq və məhkəmə işləri, hərbi tarix və hərbi nəşriyyat, eləcə də arxiv xidmətləri sahəsində saziş imzalanmışdır. Sazişi Azərbaycan tərəfdən general-leytenant S.Əbiyev, Türkiyə tərəfdən orgeneral İsmayıl Haqqı Qaradayı imzalamışdır.
Səfərin sonunda Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl Müdafiə nazirini qəbul etmişdir.
İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev və onu müşayiət edən şəxslər Vətənə qayıtmışlar.