Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 1997 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev Fransa Respublikasının ölkəmizdəki səfiri Jan-Pyer Ginyutu qəbul etmişdir.
Səfir Fransanın Moskvadakı və Bakıdakı hərbi attaşesi II dərəcəli kapitan Jerar Udəni Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyevə təqdim etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri hərbi attaşe ilə tanışlığından məmnunluğunu bildirmişdir. Sonra Müdafiə naziri hər iki tərəfi maraqlandıran məsələlərə toxunmuşdur. Belə ki, o, erməni-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və tarixi haqqında qonaqlara məlumat vermiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fəal iştirakından danışmış, Fransa-Azərbaycan hərbi əməkdaşlığı sahəsindəki münasibətlərdən bəhs etmişdir.
Səfir J-P.Ginyut öz növbəsində erməni-Azərbaycan münaqişəsinin həlli məsələsində ATƏT-in həmsədrlərindən birinin Fransa nümayəndəsinin olmasını vurğulayaraq, danışıqların indiki vəziyyətinin nəhayət ki, uzunmüddətli münaqişəyə son qoyulması mərhələsinə çatdığını bildirmişdir. İki ölkə arasında hərbi sahədə əlaqələrin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” və Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə çərçivəsində inkişaf etməsindən, Silahlı Qüvvələrdə aparılan qarşılıqlı inspeksiyalardan və yaradılmış Verifikasiya mərkəzlərinin əlaqələrindən danışmışdır.
Görüşdə Fransa səfirinin I müşaviri xanım Silvi Başlo iştirak etmişdir. Qonaqlar səmimi qəbul üçün Müdafiə nazirinə öz minnətdarlıqlarını bildirmişlər.