Noyabrın 4-də Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, bu ilin dekabrında İstanbulda keçiriləcək “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə ikinci seminar işə başlamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev seminarı giriş sözü ilə açmışdır. Müdafiə naziri qonaqları Respublika Prezidenti H.Əliyevin adından salamlayaraq demişdir ki, o hələ 1997-ci ilin mayında Brüsseldə Azərbaycan Respublikasının, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak etməsi haqqında ilkin sənədi imzalamış, 1996-cı ilin aprelində isə Şimali Atlantika təşkilatının Baş Katibi Xavyer Solana cənablarına bu barədə prezentasiya sənədini təqdim etmişdir.
Sonra general-leytenant S.Əbiyev respublikamız və xalqımız, o cümlədən, Ermənistan-Azərbaycan müharibəsində xalqımızın haqq işi uğrunda mübarizəsi və Azərbaycan Silahlı Qüvvələrinin “Sülh Naminə Tərəfdaşlıq” proqramının keçirdiyi bütün tədbirlərdə fəal iştirakı haqqında məlumat vermişdir.
NATO nümayəndəsi general-mayor M.Qaradaş bu tədbirin Bakı şəhərində keçirilməsi və səmimi qəbulu üçün Azərbaycan dövlətinə öz təşəkkürünü bildirmişdir.
Seminarda ABŞ, Türkiyə, Macarıstan, Bolqarıstan, Makedoniya, Ukrayna, Özbəkistan, Türkmənistan, Qırğızıstan dövlətlərinin və NATO-nun nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov seminarın açılış mərasimində iştirak etmişdir.
Seminar noyabrın 6-dək davam edəcəkdir.