1997-ci il avqustun 22-də “N” bölgəsində Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant Səfər Əbiyevin sədrliyi ilə Müdafiə Nazirliyi Kollegiyasının 1997-ci ilin birinci yarımilində hərbi hissə və birləşmələrdə hərbi intizamın təhlili və nəticələri, törədilmiş cinayət və hadisələrin səbəbləri, bunların aradan qaldırılması yolları, hərbi hissələrdə intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi vəzifələrinə həsr olunmuş geniş iclası keçirilmişdir.
Çıxışçılar keçən ilə nisbətən bu ilin altı ayı ərzində cinayət və nöqsanların nəzərəçarpacaq dərəcədə azaldığını xüsusilə qeyd edərək, bunu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki tapşırıqlarından irəli gələn ciddi işin nəticəsi kimi qiymətləndirmişlər.
İclasa sədrlik edən Müdafiə naziri general-leytenant Səfər Əbiyev yekun çıxışında nöqsanların aradan qaldırılması sahəsindəki uğurların yetərli olmadığını, bu sahədə daha ciddi və məhsuldar çalışmağın lazım gəldiyini vurğuladı, eyni zamanda sonrakı dövr üçün görüləcək işlər barədə konkret tapşırıqlar verdi. Müdafiə naziri çıxışından sonra ordu quruculuğunda fərqlənən hərbiçiləri mükafatlandırdı və onlara öz təşəkkürünü bildirdi.