1997-ci il iyulun 17-də Yunanıstan Respublikasının müdafiə naziri cənab Akis Tsoxadzopulos və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Nümayəndə heyətini Binə hava limanında Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev, Prezidentin hərbi məsələlər üzrə köməkçisi istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər şəxslər qarşılamışlar.
Cənab A. Tsoxadzopulos və onu müşayiət edən şəxslər “Şəhidlər xiyabanı” nı ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş oğul və qızlarımızın məzarı üstünə əklil qoymuşdur.
Həmin gün axşam Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev rəsmi qonağı və nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Ümumavropa təhlükəsizliyi strategiyası, regional təhlükəsizlik problemləri və ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi edilmişdir. Müzakirələr hər iki tərəfi maraqlandırmışdır.
Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant S.Əbiyev görüş zamanı qonaqlara Ermənistanın Azərbaycana qarşı təcavüzünü təsdiq edən sənədlər də təqdim etmişdir.
Nümayəndə heyəti iyulun 18-də vətənə qayıtmışdır.