Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev 1997-ci il martın 26-da MDB dövlətləri Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclasında iştirak etmişdir. Rusiya Federasiyasının müdafiə naziri İ.Rodionovun sədrliyi ilə keçən iclasın gündəliyi elan edildikdən sonra general-leytenant S.Əbiyev Bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: “Rusiya Federasiyası hökumətinin sanksiyası olmadan Ermənistan Respublikasına 84 ədəd T-72 tipli tankın, 50 ədəd piyadanın döyüş maşınının (PDM) və onlar üçün ehtiyat hissələrinin, 300 km məsafədə uçan, nüvə hücum vasitələrini daşıyan 9K72 tipli operativ-taktiki raket komplekslərinin təmənnasız verilməsi faktlarının aşkar edilməsi, eləcə də bu komplekslərin istismar edilməsi üçün RF Müdafiə Nazirliyinin təlim mərkəzlərinin birində Ermənistan hərbi qulluqçularının təlim keçməsi nəticəsində yaranmış vəziyyətlə əlaqədar fikirlərimi bəyan etməyi zəruri hesab edirəm.
Məlum olduğu kimi göstərilən faktlar tamamilə təsdiq edilmiş və bu iş üzrə materiallar Rusiya Federasiyasının Baş Hərbi prokurorluğundadır.
Bizi ən çox narahat edən odur ki, MDB-nin daxilində Rusiya Federasiyası hərb idarəsinin bəzi keçmiş vəzifəli şəxsləri özünün yüksək mövqeyindən istifadə edərək, müəyyən şəxsi məqsədlər güdərək, hökumətin qərarı olmadan bu qədər silahı faktiki olaraq, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana vermişdir və bu, böyük səylər nəticəsində qanlı döyüş əməliyyatlarının dayandırıldığı və atəşkəs rejiminin əldə edildiyi gərgin və məsul bir dövrdə edilmişdir.
Beynəlxalq təhlükəsizlik, tərksilah və silah üzərində nəzarət sahəsində birgə siyasət aparmaq, MDB daxilində təhlükəsizliyi saxlamaq məqsədilə, MDB-nin nizamnaməsini rəhbər tutaraq (11-ci və 12-ci maddə), iclas iştirakçılarına MDB dövlətləri Müdafiə Nazirləri Şurasının “Rusiya silahlarının Ermənistan Respublikasına qeyri-qanuni verilməsi faktları haqqında” qərar layihəsini təklif edirəm”.
Bəyanatdan sonra gərgin keçən müzakirələr nəticəsində qərara alındı ki, bu məsələ ilə əlaqədar Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının apardıqları tədqiqat bitdikdən sonra onun nəticələri haqqında MDB dövlətləri Müdafiə nazirləri Şurasına ətraflı məlumat verilsin.
MDB dövlətləri Müdafiə nazirləri Şurasının növbəti iclası bu ilin iyun ayında keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev və onu müşayiət edən şəxslər martın 29-da axşam Bakıya qayıtmışlar.