1997-ci il martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyev ABŞ Dövlət Departamenti siyasi-hərbi işlər üzrə katibi köməkçisinin birinci müavini Erik Nyusomun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı regional və Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə üzrə məsələlər, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlıq, NATO-nun Şərqə doğru genişlənməsi və Avropada təhlükəsizlik məsələləri müzakirə edilmişdir. Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri R.Kozlariç və qonağı müşayiət edən şəxslər iştirak etmişlər.
Həmin gün Müdafiə naziri general-leytenant S.Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri doktor Kristian Zibeki qəbul etmişdir. Görüş əsasən tanışlıq xarakteri daşımış və onun gedişində NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunulmuşdur.