Oktyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının Rusiya Federasiyasındakı və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Kristofer Lenqtonu və Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Devid Tonqu qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri bir neçə ay bundan əvvəl Böyük Britaniyanın Müdafiə nazirindən məktub almasını, bu gün isə onları qəbul etməsini iki dövlət arasında hərbi əməkdaşlığın gücləndiyi kimi qiymətləndirdi. O, Azərbaycanlı zabitlərin ingilis dilini öyrənməsində onların xidmətini yüksək qiymətləndirdikdən sonra qeyd etdi ki, hərbi kadrların hazırlanması sahəsində əməkdaşlıq etməyimiz çox yaxşı olardı. O, dedi: “İri dövlətlərdən yalnız Böyük Britaniya bu sahədə bizə öz təkliflərini verməmişdir. Arzu edirdik ki, bizim Böyük Britaniya Silahlı Qüvvələrini bilən yaxşı mütəxəssislərimiz olsun”.
General-polkovnik S.Əbiyev Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında yaxından iştirak etdiyini söyləyərək, Azərbaycanın və Böyük Britaniya Silahlı Qüvvələrinin arasında əməkdaşlığın daha da dərinləşməsini arzuladı.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən qonaqlar Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində “NATO-Sülh Naminə Tərəfdaşlıq” kafedrasının onlara dərin təsir bağışladığı və ümumiyyətlə, Azərbaycana qısa səfərin böyük təəssüratı haqqında ona məlumat verdilər və onun təkliflərini öz rəhbərlərinə çatdıracağlarını vəd etdilər. Polkovnik Kristofer Lenqton qeyd etdi ki, Böyük Britaniya dövləti 1999-cu ildə Qafqaz regionuna öz hərbi attaşesini göndərəcəkdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanın Müdafiə naziri qonaqları maraqlandıran suallara cavab vermişdir.