Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq oktyabrın 9-da NATO-nun mənzil-qərargahı yerləşən Brüssel şəhərində (Belçika Krallığı) “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması üzrə” Baş Komitənin plenar iclası, oktyabrın 10-dan 14-dək NATO-nun Döyüş Hazırlığı komitəsinin ikinci görüşü, oktyabrın 12-dən 16-dək isə Lissabon şəhərində (Portuqaliya) NATO-nun “Maliyyə siyasəti və onun prosedurları” məsələləri üzrə 48-ci görüş keçiriləcəkdir.
Tədbirlərdə NATO üzvü olan dövlətlərlə yanaşı tərəfdaş ölkələrin, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Oktyabrın 12-dən başlayaraq NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Qarmiş-Partenkirxen şəhərində yerləşən Corc Marşall adına Avropa Strateji Tədqiqatlar və Müdafiə İqtisadiyyatı Mərkəzində “XXI əsrin liderləri” mövzusunda kurslar təşkil ediləcəkdir. Həmin kurslarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi də təhsil alacaqdır.