Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev ABŞ Müdafiə Nazirinin strategiya və təhlükəsizliyin azaldılması məsələləri üzrə köməkçisi cənab Edvard L.Uorneri və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri bu görüşün Azərbaycan-ABŞ hərbi əməkdaşlığına yeni təkan verəcəyini, lakin bu əməkdaşlığa “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin maneə törətdiyini və ABŞ Konqresində ermənipərəst qüvvələrin həmin düzəlişin ləğv edilməsinə müqavimət göstərdiklərini söyləmişdir.
Cənab Edvard L.Uorner bu maneənin ABŞ Konqresi tərəfindən edildiyini təəssüflə qeyd etmiş, ABŞ dövlət rəhbərlərinin isə 907-ci düzəlişin ləğvinə tərəfdar olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, buna baxmayaraq əməkdaşlığımız davam edir və bu ilin payızında “Mərkəzi Asiya taburu” sülhməramlı təlimlərində Azərbaycanın da sülhməramlı taqımının iştirakı buna bariz misaldır.
Sonra tərəflər Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi etmişlər. General-polkovnik S.Əbiyev Ermənistanda çoxlu uçotsuz silah və sursatın olduğunu, onun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirildiyini  qonağın diqqətinə çatdırmışdır. O, Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon sammiti prinsipləri əsasında sülh yolu ilə həll ediləcəyinə inam ifadə etmişdir.
Cənab Edvard L.Uorner ABŞ-ın hərbi sahədə balans siyasəti yeritdiyini bildirmiş, tezliklə ABŞ-dakı Azərbaycan səfirliyində hərbi attaşeliyin açılmasını arzulamışdır. Müdafiə naziri general-polkovnik S.Əbiyev Azərbaycanın ABŞ-la geniş hərbi əməkdaşlığa hazır olduğunu söyləmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant D.Zarenski iştirak etmişdir.