Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Jak Bomeli, Corc Klerfaytı  və Ermənistan üzrə məruzəçisi Eysso Bolteri qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra, J.Bomel Azərbaycanda siyasi sabitliyin aydın hökm sürdüyünü, ölkənin yaxın gələcəkdə regionda enerji resurslarını ixrac edən aparıcı  dövlət olacağını söyləmişdir. O, sonra Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün səy göstərdikləri, lakin Ermənistanda siyasi hakimiyyətin dəyişilməsi ilə vəziyyətin yenidən mürəkkəbləşdiyi haqqında nazirə məlumat vermişdir. J.Bomel Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi barəsində qərarın Helsinki müqaviləsi və Paris xartiyası ruhunda, dövlətlərin ərazi bütövlüyü və insan haqlarının müdafiəsi çərçivəsində olmasını xüsusi qeyd etmişdir. O, demişdir: “İlk növbədə qoşunlar zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, qaçqınlar öz doğma torpaqlarına qaytarılmalı və Dağlıq Qarabağa Azərbaycanın tərkibində gücləndirilmiş muxtariyyət verilməlidir. Lakin bunu hələlik nə Dağlıq Qarabağ, nə də ki, Ermənistan istəmirlər”.
General-polkovnik S.Əbiyev qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, onun nəticələri, Ermənistanın havadarları tərəfindən güclü surətdə silahlandırıldığı və bunun regionun təhlükəsizliyinə böyük zərbə vurduğu, işğal edilmiş Azərbaycan torpaqlarında şəhər və kəndlərin yerlə yeksan edilməsi və qarət olunması haqqında Avropa Şurasının Parlament üzvlərinə ətraflı məlumat vermişdir. Qonaqların çoxsaylı suallarına cavab verən nazir sonda bildirmişdir: “Təəccüb doğuran odur ki, nə üçün dünya ictimaiyyəti Azərbaycan ərazilərini işğal edən Ermənistanı təcavüzkar adlandırmır. Onun Silahlı Qüvvələri zəbt edilmiş Azərbaycan torpaqlarında yerləşdirilmişdir. Bunu Ermənistanda son prezident seçkilərini müşahidə edən ATƏT missiyası da təsdiq etmişdir”.
Görüşdə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, nümayəndə heyətini müşayiət edən Keorkius Zois iştirak etmişdir.