İyunun 17-dən 20-dək NATO Qüvvələrinin planlaşdırılması şöbəsinin rəis müavini B.Makkendri başda olmaqla NATO-nun nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcəkdir.
Səfərin məqsədi NATO-nun Planlaşdırma və Analiz Prosesi çərçivəsində qarşılıqlı əlaqələrin təmin olunması sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olmaqdır. Proqramda həmçinin nümayəndə heyətinin Müdafiə naziri ilə görüşü, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin nəzdində yaradılmış “NATO – sülh naminə tərəfdaşlıq” kafedrasına və Müdafiə Nazirliyinin sülhməramlı bölüyünə baş çəkmək nəzərdə tutulur.
Azərbaycan Respublikası 1997-ci ilin noyabr ayından NATO-nun Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulmuşdur.
Təşkilatın məqsədi sülhməramlı tədbirlər keçirilərkən NATO üzvü olan və tərəfdaş ölkələrin mövcud imkanları əsasında qarşılıqlı əlaqələri təmin etməkdir.