İyunun 18-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik S.Əbiyev NATO Qüvvələrinin planlaşdırılması şöbəsinin rəis müavini B.Makkendri başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri onları Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi ilə tanış etmişdir. Ermənistanın Azərbaycana torpaq iddiasının bütün region üçün təhlükə olduğunu qonaqların diqqətinə çatdıran nazir Azərbaycanın bu münaqişəni sülh yolu ilə həll etmək istəyi, NATO-nun Avropada və bütün dünyada aparıcı sülh amili olduğu üçün Azərbaycanın onunla əməkdaşlığının getdikcə sıxlaşdığı, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakı, hərbi təhsil sistemində və ordu quruculuğunda NATO standartlarından istifadə etdiyi, bu sahədə NATO mütəxəssislərinin köməyinə ehtiyac olduğu və qarşılıqlı əlaqələri daha da dərinləşdirmək zərurəti haqqında onlara məlumat vermişdir.
Nümayəndə heyətinin başçısı cənab B.Makkendri səmimi qəbula görə Müdafiə nazirinə təşəkkür edərək bildirmişdir ki, bütün NATO dövlətlərinin Qafqazda təhlükəsizliyin təmin olunmasında maraqları vardır və NATO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin güclənməsinə çox şaddır. O, Bakıda maraqlı görüşlər keçirdiyini, bu görüşlərin bu gün də davam etdirildiyini və məsələləri yerində öyrənərək, hansı sahədə konkret yardıma ehtiyac olduğunu aşkar etmək üçün səfərə gəldiklərini və əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildirmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Müdafiə naziri qonaqların sullarına cavab vermişdir.