Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev Amerika Birləşmiş Ştatları Qafqaz və Mərkəzi Asiya regionları üzrə Müdafiə Departamenti katibinin xüsusi müşaviri general Con Şiqanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Müdafiə naziri qonaqları Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə ətraflı tanış etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən və bu müharibənin Azərbaycan xalqı üçün törətdiyi faciələrdən danışmışdır.
General-leytenant S.Əbiyev ABŞ-Azərbaycan hərbi strukturları əməkdaşlığının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində uğurla inkişaf etməsi və bu münasibətlərin daha da dərinləşməsi zərurəti barəsində öz mülahizələrini söyləmişdir.
General C.Şiqan maraqlı məlumat üçün Azərbaycanın müdafiə nazirinə öz təşəkkürünü bildirmiş, Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əlaqələri genişləndirmək istədiyini təqdir etmiş və bunun zərurət olduğunu vurğulamışdır.
Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab S.Eskudero və səfirliyin hərbi attaşesi polkovnik-leytenant D.Zarenskiy iştirak etmişdir.