Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 23-də Müdafiə Nazirliyinin Kollegiyasının geniş iclası keçirilmişdir.
İclasa sədrlik edən Müdafiə naziri general-polkovnik S.Əbiyev “Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı H.Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrdə hərbi intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi, şəxsi heyətin həyat və məişətinin daha da yaxşılaşdırılması sahəsində komandir heyətinin vəzifələri” mövzusunda məruzə etmişdir.
O, 1994-cü ilin may ayında atəşkəs rejimi elan olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələri quruculuğunda bütün göstəricilərin yüksələn xətlə inkişaf etdiyi, Silahlı Qüvvələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, şəxsi heyətin ərzaq və əşya təminatının yaxşılaşdırılması, döyüş ustalığının artması, mənəvi-psixoloji ruhunun yüksəlməsi haqqında iclas iştirakçılarına geniş məlumat vermiş və Azərbaycan Ordusundakı mövcud vəziyyəti dərindən təhlil etmişdir.
Müdafiə naziri qeyd etmişdir ki, Silahlı Qüvvələrin şəxsi heyətinin çox hissəsi düşmənlə üz-üzə səhra şəraitində yaşayır. O, bütün xidmət sahələrində, xüsusilə tibb xidməti sahəsində nəzarətin gücləndirilməsini cavabdeh şəxslərdən tələb etmişdir.
General-polkovnik S.Əbiyev kollegiya iştirakçıları qarşısında yüksək döyüş qabiliyyətli şəxsi heyətin yaradılması vəzifəsini qoymuşdur.
Müzakirələrdə iştirak edən zabitlər gündəlikdə duran məsələ ətrafında fikirlərini söyləmiş və Silahlı Qüvvələrin şəxsi heyətinin maddi təminatının daha da yaxşılaşdırılması barədə təkliflərini vermişlər.
Sonda kollegiya iclasının qərarı oxunmuşdur.