Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda işgüzar səfərdə olan, NATO-nun cənub-şərqi Avropadakı Birləşmiş Quru Qüvvələri Qərargah-mənzili Komandanının müavini general-leytenant Recinald Klemmonsu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri onlara SSRİ dağıldıqdan sonra Azərbaycanın yenidən müstəqillik əldə etməsi, postsovet məkanında milli zəmində münaqişə ocaqlarının, o cümlədən ilk olaraq Dağlıq Qarabağ problemi adı ilə Ermənistan-Azərbaycan münaqişəsinin yaranması, bu prosesə Rusiya Federasiyasının bilavasitə “himayəçilik” etməsi və münaqişənin nəticələri, ümumiyyətlə, Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət haqqında məlumat vermişdir. Sonra o, bu mürəkkəb şəraitdə Azərbaycanın öz Silahlı Qüvvələrini yaratması, müstəqilliyini qoruyub möhkəmləndirilməsi, 1994-cü ilin mayından NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulması və ordu quruculuğunda NATO standartlarından istifadə etməsindən söhbət açmışdır.
General-leytenant R.Klemmons səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək, iki günlük Bakı səfərindən zəngin təəssürata malik olduqları, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə tanışlığın onlara xüsusi təsir etdiyi, 1997-ci ildə “Kooperativ Demand” təlimləri seminarından sonra “Kooperativ Determineyşn” təlimlərinin konfransı və seminarının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd etmişdir. O, Azərbaycan Respublikası kimi geostrateji əhəmiyyətli bir dövlətlə NATO-nun, Avropada sülh və stabilliyə xidmət edən “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığa xüsusi qiymət verərək Azərbaycanın NATO tədbirlərində daha sıx sürətdə iştirak etməsini arzulamışdır. O, bu əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Müdafiə nazirinin şəxsi səylərini yüksək qiymətləndirərək demişdir: “Biz Sizin NATO-ya inteqrasiya istiqamətində atdığınız hər bir addımı dəstəkləyəcəyik”.
General-polkovnik Səfər Əbiyev NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində gələcək planlarından geniş bəhs edərək bu istiqamətdə aparılan işlərdə Azərbaycanın maddi-texniki yardıma ehtiyac olduğunu vurğulamış, “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin buna maneçilik törətdiyini xatırlatmış və onun tezliklə ləğv olunacağına ümid etdiyini bildirmişdir.
O, NATO-GUÖAM dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi zərurətini qeyd etmişdir.
Müdafiə naziri qonaqların çoxsaylı suallarına cavab vermişdir. O, belə qarşılıqlı işgüzar səfərlərin sayının artırılması tərəfdarı olduğunu bildirmişdir.