Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 8-də Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Əsas konfrans öz işinə başlamışdır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev konfransı açaraq qonaqları salamlamışdır. O, demişdir: “Sizi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən “Kooperativ Determineyşn-99” təliminin Əsas planlaşdırma konfransında dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident Heydər Əliyevin adından və öz adımdan salamlayır, konfrans iştirakçılarına cansağlığı, xoşbəxtlik və konfransın işinə uğurlar arzulayıram.
Azərbaycan xalqı xarici qüvvələrin təcavüzü nəticəsində 1920-ci ildə itirdiyi müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən əldə etmişdir.
26 iyun 1918-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündür. Simvolik və əlamətdar bir haldır ki, siz bu konfransı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 81-ci ildönümü ərəfəsində keçirirsiniz.
Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına 1994-cü ilin mayında qoşulmuş və o vaxtdan bu proqram çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Bunu respublikamızda qonaq olmuş NATO-nun Baş Katibi cənab Havyer Solana və NATO-nun digər yüksək vəzifəli nümayəndələri də qeyd etmişlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları 1997-1998-ci illərdə müxtəlif çoxmillətli təlimlərin planlaşdırılması, sülhməramlı, humanitar və digər təlimlərdə iştirakçı və müşahidəçi olmuşlar.
Qeyd edim ki, “Kooperativ Demand-97” təliminin ikinci seminarı Bakı şəhərində təşkil edilmiş və keçirilmişdir.
Biz 1999-cu ilin noyabrında Bakı şəhərində sülh naminə tərəfdaşlıq ruhunda “Atəşgah-99” seminarını keçirməyi planlaşdırırıq.
Hazırda 15 nəfərdən ibarət sülhməramlı manqamızın Kanadada keçiriləcək “Kooperativ Best Effort-99” təlimlərində praktiki iştirak etməsi planlaşdırılır. Həmçinin sülhməramlı taqımımız Kosovoda keçiriləcək sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır.
Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı istiqamətində dərinləşməkdə olan bütün planlarını müdafiə edir, gələcəkdə də onun və Azərbaycan-NATO fərdi proqramı çərçivəsində keçiriləcək bütün tədbirlərdə iştirak etməyi planlaşdırır.
Hörmətli konfrans iştirakçıları!
Bir neçə kəlmə də bu gün Cənubi Qafqaz regionunda formalaşmış hərbi-siyasi vəziyyət haqqında sizə məlumat vermək istəyirəm.
Azərbaycan Respublikası Şərqlə Qərb, yəni Avropa-Asiya arasında olan geostrateji bir məkanda yerləşir. Müstəqillik əldə etdikdən, daha doğrusu, 1993-cü ilin iyununda prezident Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü ilə 60 milyard ABŞ dollarına yaxın məbləğdə 19 neft kontraktı bağlanmış, “Böyük İpək Yolu” proqramı həyata keçirilməyə başlanmışdır.
İlkin neftin nəqli üçün “Bakı-Novorossiysk” şimal, “Bakı-Supsa” qərb neft kəmərləri çəkilib istifadəyə verilmişdir. Əsas neftin qərbə nəqli üçün “Bakı-Ceyhan” neft kəməri çəkilməsini nəzərdə tutan sənədlərin işlənib hazırlanması bu ayın sonunadək başa çatdırılacaqdır.
“Böyük İpək Yolu” (“Traseka”) proqramı Avropadan başlayaraq Azərbaycandan keçəcək, Mərkəzi Asiya dövlətləri olan Türkmənistan-Özbəkistan-Qazaxıstandan ötərək Çin və Yaponiyaya çatdırılacaqdır. Demək istəyirəm ki, Azərbaycan dünyanın ən zəngin məmləkətlərindən biri olmaqla böyük dövlətlərin strateji maraqlarının kəsişdiyi nöqtədə yerləşir. Elə buna görə də tarix boyu dünyanın iri dövlətləri onun sərvətlərinə sahib olmaq uğrunda mübarizə aparmışlar. Bunun zərbələri isə Azərbaycan xalqına dəymişdir. Rusiya Azərbaycanı iki əsrə yaxın bir dövrdə müstəmləkə vəziyyətində saxlamışdır. Buna görə də Rusiya Federasiyası bu gün də Azərbaycana təzyiq etmək üçün Ermənistana hərtərəfli yardım göstərir.
Azərbaycan xalqı müstəqillik əldə etmək ərəfəsində olduğu zaman Rusiyanın bilavasitə rəhbərliyi və yardımı sayəsində qonşu Ermənistan dövləti Azərbaycana ərazi iddiaları ilə çıxış etdi, Qarabağ problemi ortaya atıldı və nəticədə Rusiya Federasiyası və Ermənistan Silahlı Qüvvələri ərazimizin 20 faizini zəbt etdilər. 1992-ci ildən başlayaraq respublikamızın 1 milyondan artıq vətəndaşı çadır şəhərciklərində dözülməz şəraitdə yaşayır.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələsi ilə ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar məşğuldurlar. Lakin Rusiya Federasiyasının təsiri ilə destruktiv mövqe tutan Ermənistan Respublikasının rəhbərliyi məsələnin həllinə maneçilik törədir.
Digər tərəfdən isə ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Federasiyası bu münaqişədə neytral mövqe tutmaq əvəzinə Ermənistanı birtərəfli şəkildə silahlandırır. Atəşkəs əldə edilməsinə baxmayaraq, o, 1994-cü ildən başlayaraq Ermənistan Respublikasına 1 milyard dollarlıq qeyri-qanuni silah və sursat, nüvə silahı daşıya bilən R-17 (SKAD) operativ-taktiki və Luna-M taktiki raketləri, ötən ilin sonlarında isə “Miq-29” təyyarələri, “S-300” zenit-raket kompleksləri vermişdir. Bu yaxınlarda isə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan Çin Xalq Respublikasından “Tayfun” yaylım atəşi sistemləri almışdır. Təhlükəli odur ki, bu silahların əksəriyyəti Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərində yerləşdirilmişdir.
Təcavüzkar dövlət olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin, ATƏT-in Lissabon sammitinin tələblərini və digər beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməyərək, Qafqazda və Avropada sülhə və əmin-amanlığa təhlükə yaradan bir gərginlik ocağına çevrilmişdir.
Azərbaycan Respublikası belə bir hərbi-siyasi şəraitdə NATO ilə həm fərdi, həm də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq etməyi davam etdirəcəkdir.
Sizə, konfrans iştirakçılarına “Kooperativ Determineyşn-99” təliminin planlaşdırılmasında və yüksək səviyyədə keçirilməsində uğurlar diləyir və müvəffəqiyyətlər arzulayıram.   
Diqqətinizə görə çox sağ olun.
Konfrans NATO-nun İzmir şəhərində yerləşən Cənub-Şərqi Avropadakı Birləşmiş Quru Qüvvələri komandanlığının Əməliyyat İdarəsinin rəisi general-mayor Mehmet Karataşın sədrliyi ilə öz işini davam etdirir.