Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev general Səid Şərifin rəhbərliyi altında Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqlarla salamlaşdıqdan sonra Pakistan İslam Respublikasının ilk dəfə belə böyük hərbi nümayəndə heyətinin Azərbaycana gəldiyini, iki dövlət arasında müqavilənin olmamasının hərbi əməkdaşlığa maneçilik törətmədiyini və Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin İslamabad Hərb Akademiyasında təmənnasız təhsil aldıqlarını minnətdarlıqla qeyd etmişdir.
Azərbaycanlı müsəlman qardaşlarına qonaq gəldiyindən xüsusi sevinc hissi duyduğunu nümayəndə heyətinin adından bəyan edən general hər yerdə səmimiyyətlə qarşılandıqlarını, Azərbaycan Silahlı Qüvvələrində müşahidə etdikləri uğurlardan məmnun olduqlarını bildirmişdir. O, demişdir: “Demək olar ki, xalqlarımızın taleyi birdir. Pakistan və Azərbaycan bu hərbi əməkdaşlıqdan öz xeyirlərinə istifadə etməlidirlər. Tarixən qüdrətli olan Azərbaycan xalqının Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri olmalıdır”.
General-polkovnik S.Əbiyev iki dövlətin Silahlı Qüvvələri arasında sıx əməkdaşlıq etməyin vaxtının gəlib çatdığını vurğulayaraq, gənc müstəqil Azərbaycana bəzi qonşu dövlətlərin təzyiqinin indi də davam etdirildiyi, yaxınlarda isə Çin Xalq Respublikasının Ermənistana 8 ədəd “Tayfun” sistemi verdiyi barədə qonaqları məlumatlandırmışdır.
O, Azərbaycan Respublikasının dünya üçün əhəmiyyətli olan geostrateji mövqeyindən geniş bəhs etdikdən sonra demişdir: “Kiçik Azərbaycan dövlətinin böyük dünya siyasətində öz yeri vardır. O superdövlətlərin maraqlarının toqquşduğu nöqtədə yerləşir. Biz çıxış yolunu Qafqazda əmin-amanlığı qorumaq əzmində olan bütün dövlətlərlə sülh münasibətləri yaratmaqda görürük...” Sonra o, ordu quruculuğu haqqındakı fikirlərini belə tamamlamışdır: “Azərbaycan dövləti öz Silahlı Qüvvələrini yaratmışdır və müstəqilliyimizi qorumaq üçün onun hər şeyi vardır”.
General S.Şərif cavab olaraq bildirmişdir ki, biz dövlət rəhbərlərimizə Ermənistana silah verilməsinin dayandırılması məqsədilə Çin Xalq Respublikası rəhbərliyinə müraciət etmələri barədə dərhal məlumat verəcəyik.
Sonra Azərbaycanın Müdafiə naziri nümayəndə heyəti üzvlərinin çoxsaylı suallarına cavab vermişdir. O, NATO ilə münasibətlər və Dağlıq Qarabağın gələcək taleyi haqqındakı suallara cavab verərək demişdir: “Dünyada NATO-dan güclü nə vardır?... dinc yolla həll edilməzsə, Silahlı Qüvvələr tətbiq ediləcək və Respublikamızın ərazi bütövlüyü bərpa olunacaqdır”.
Görüşdə Pakistan İslam Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfirinin vəzifələrini icra edən cənab Nacum Saki və Müdafiə nazirinin müavini polkovnik Məmməd Beydullayev iştirak etmişlər.