Mayın 27-də NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələri ilə tanışlığı davam etmişdir.
Həmin gün nümayəndə heyəti Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində olmuşdur. NATO-nun Romadakı Müdafiə Kollecinin məsləhətçisi xanım Ceraldin Monaqanın kollecdə təhsil haqqında geniş məlumatı və Avro-Atlantik Təhlükəsizlik Şurasının əməkdaşı cənab Pol de Vitin “NATO XXI əsrdə özünü necə görür” mövzusunda etdiyi mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Mühazirənin sonunda onlar suallara cavab vermişlər.
Sonra qonaqlar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində tədris prosesi ilə tanış olmuşlar. Keçirilən brifinqdən sonra məktəbin maddi-texniki bazası ilə tanış olan NATO nümayəndələri burada gördüklərinə öz heyrətlərini gizlətməmişlər. Qısa müddət ərzində NATO standartlarına uyğun təşkil edilmiş təlim-tədris prosesini təkmilləşmək də olan Azərbaycan Silahlı Qüvvələrinin böyük uğuru olduğunu qeyd edən cənab Pol de Vit nümayəndə heyəti adından məktəbin Xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqları müşayiət edən Müdafiə nazirinin müavini polkovnik Məmməd Beydullayev görüşlər üçün NATO nümayəndələrinə təşəkkür etmişdir.