Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 1999 00:02

Müdafiə Nazirliyinin məlumatı

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri Yuqoslaviyada əməliyyat keçirildiyi və Cənubi Qafqazda Dağlıq Qarabağ probleminin həll edilmədiyi bir şəraitdə NATO nümayəndə heyətinin Azərbaycana gəlişini əlamətdar hadisə adlandırmışdır.
Bu görüşə diqqətlə yanaşdığını bildirən cənab K.Klayber Azərbaycana gəlişindən özünü xoşbəxt hiss etdiyini, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın uğurlu nəticələrindən məmnun olduğunu, bundan sonra da tərəfdaşlarla informasiya və təcrübə mübadiləsinin davam etdiriləcəyini, bu istiqamətdə siyasi iradənin və siyasi təşəbbüsün ardıcıl sürətdə həyata keçiriləcəyini bəyan edərək Azərbaycan Silahlı Qüvvələrində gedən reformalar ilə maraqlanmışdır.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək bildirmişdir ki, Azərbaycan NATO ilə yalnız “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində deyil, NATO-ya üzv olmağa qədər əməkdaşlıq etməyə hazırdır. Sonra o, Azərbaycanın Qafqaz regionunda Avropa və dünya dövlətlərinin geosiyasi və geostrateji maraqlarının qovşağında yerləşdiyini, fəaliyyətdə olan Bakı-Novorossiysk, Bakı-Supsa və çəkiləcək Bakı-Ceyhan neft, Türkmənistan-Türkiyə qaz kəmərlərinin və digər proqramların məhz Azərbaycan ərazisindən keçərək reallaşacağı barədə qonaqlara məlumat vermişdir. Sonra Müdafiə naziri bu kəmərlərin mühafizəsinin təşkil edilməsində NATO-nun müstəsna rolunu qeyd etmiş, Azərbaycan Silahlı Qüvvələrinin tədricən NATO standartlarına keçdiyini və bu reformanın uğurla başa çatdırılacağına əmin olduğunu bildirmişdir.
Müdafiə naziri qonaqları Cənubi Qafqaz regioununda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, Rusiya Federasiyasının Ermənistanı birtərəfli sürətdə silahlandırdığını və Çin Xalq Respublikasının Ermənistana 8 ədəd modernləşdirilmiş “Tayfun” yaylım atəşi sistemlərini verdiyini bildirmişdir. O demişdir: “Bu, Qafqaz regionunda hərbi-siyasi vəziyyəti destabilizə etmək üçündür. Rusiya Federasiyası Minsk qrupunun həmsədrlərindən biridir. O, münaqişə olan tərəflərə eyni münasibət bəsləməlidir. Təəssüf olsun ki, RF ermənipərəst mövqedədir. Bütün dediklərim Azərbaycanı NATO ilə sıx əməkdaşlıq etməyə çağırır”.
Cənab K.Klayber nazirin dedikləri ilə razı olduğunu bildirərək qeyd etmişdir ki, boru kəmərlərinin mühafizəsinin təşkilinin maliyyəşdirilməsinə bu məsələdə marağı olan dövlətlərin cəlb edilməsinə biz yardım edə bilərik. Kadrların hazırlanmasında NATO məktəbləri sizə kömək edəcəkdir. Cənab K.Klayber NATO-nun müdafiə üzrə Roma kolleci direktorunun Azərbaycan zabitlərini təhsil almağa dəvət məktubunu Müdafiə nazirinə təqdim etmişdir.
Sonra tərəflər GUÖAM-NATO əməkdaşlığı barəsində fikir mübadiləsi etmişlər.
Cənab K.Klayberin “Azərbaycanın Rusiya Federasiyası ilə hərbi əməkdaşlığı nə səviyyədədir?”, - sualına Müdafiə naziri “bu əməkdaşlıq MBD Müdafiə nazirləri Şurasının bəzi iclaslarında iştirak etmək səviyyəsindədir”, - cavabını vermişdir.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran digər suallara cavab vermişdir.
Görüşdə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Nəcməddin Sadıqov iştirak etmişdir.