Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 28-də Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərb məktəbində təhsil alan azərbaycanlı kursantların hərbi andiçmə mərasimi keçiriləcəkdir. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Respublika günü və hərbi andiçmə mərasimi ilə əlaqədar kursantlara təbrik teleqramı göndərmişlər. Teleqramda deyilir:
Hörmətli kursantlar!
Sizi öz adımdan və Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayır, sıralarınızın daha da mətin olmasını arzulayıram.
Mayın 28-i sizin üçün ikiqat bayram və hər birinizin həyatında əlamətdar hadisədir. Bu gün 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycanın Cümhuriyyətinin yaradılmasının 81-ci ildönümünü qeyd edir və eyni zamanda Vətənə sədaqət andı içirsiniz.
Siz Azərbaycan xalqının və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki nümayəndələrisiniz. Xoşbəxtsiniz ki, xalqımızın mədəniyyətini və adət-ənənələrini burada, qardaşımız və dayağımız olan Türkiyədə təmsil edirsiniz. Siz sabahın zabitləri, Azərbaycan Silahlı Qüvvələrinin gələcəyisiniz. Zabit olmaq böyük bir şərəfdir. Zabit olmaq həmişə irəlidə getmək, öncül olmaq, çətin sınaqlardan birinci keçmək deməkdir.
Sizin təhsildə əldə etdiyiniz hər bir uğur Azərbaycan-Türkiyə Silahlı Qüvvələri qardaşlığının təməlini daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri mükəmməl formalaşma mərhələsindədir. Ordunun inkişaf etdirilib qabaqcıl dünya orduları səviyyəsinə çatmasında yüksək peşəkar hərbi mütəxəssislərə ehtiyac duyulur. Mən əminəm ki, məhz siz gələcəkdə belə zabitlərdən olacaq, qardaş Türkiyədə mənimsədiyiniz hərbi bilikləri, qazandığınız təcrübəni ordumuzun təkmilləşməsinə, qüdrətlənməsinə sərf edəcəksiniz. Hərbi təhsilinizi başa vurub sıralarımıza qoşulmağınızı səbirsizliklə gözləyirik.
Sizi bir daha Respublika günü və hərbi and qəbul etməyiniz münasibətilə təbrik edir və hər birinizə Vətənə müqəddəs xidmət işində uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram.