Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə nazirinin müavini doktor Edvard L.Uorneri və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri dünyada gedən hərbi-siyasi proseslərin Qafqaz regionundakı, o cümlədən Azərbaycandakı geo-siyasi vəziyyətə təsir etdiyini, bu durumu hələ də həll olunmamış Dağlıq Qarabağ probleminin xüsusilə mürəkkəbləşdirdiyini qeyd etmiş, sonra isə regiondakı hərbi-siyasi vəziyyət barəsində onlara ətraflı məlumat vermişdir.
Azərbaycana yenidən gəlişinə şad olduğunu bildirən doktor E.L.Uorner nümayəndə heyətinin üzvlərini Müdafiə nazirinə təqdim etmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin Qafqaz regionundakı “münaqişələrin ən ciddisi” adlandıran doktor Uorner, Azərbaycan və Ermənistan prezidentləri ilə ABŞ dövlət rəhbərliyinin Vaşinqton görüşlərinin onun tənzimlənməsinə yeni təkan verəcəyinə güman etdiyini bildirdi. O, qeyd etdi ki, münaqişəsində olan tərəflərin Silahlı Qüvvələri arasında qarşılıqlı inamın yaradılmasına nail olmaq lazımdır.
General-polkovnik S.Əbiyev bu təkliflə razı olduğunu bildirməklə yanaşı qeyd etdi ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən, oradakı bütün yaşayış məntəqələrini darmadağın edən, Rusiya Federasiyası tərəfindən artıq 3 milyard dollarlıq taktiki, operativ-taktiki, yaylım atəşi sistemli raketlər və yeni tanklarla silahlandırılan, bu yaxınlarda isə Çin Respublikasından modernləşdirilmiş “Tayfun” sistemləri alan və bu silahları zəbt olunmuş Azərbaycan ərazilərində yerləşdirən Ermənistanla “qarşılıqlı inam” yaratmaq çox mürəkkəb məsələdir.
O dedi: “Söylədiklərim bizi Ermənistanla ehtiyatlı olmağa çağırır. Çünki bu gün orada bizimlə müharibəni başlayanlar hakimiyyətdədirlər... Birdə Ermənistan, bütövlükdə Qafqaz regionunda öz imperiya iddialarından əl çəkməyən Rusiya Federasiyasının təsiri altındadır”. Sonra Müdafiə naziri qeyd etdi ki, mayın 20-də MDB Müdafiə nazirləri Şurasının növbəti iclasının Yerevanda keçirilməsi və burada Ermənistanla Belarus arasında texniki və hərbi-texniki əməkdaşlıq müqavilə imzalanması dediklərimi bir daha sübut edir.
Görüşün gedişində tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin Minsk prosesi çərçivəsində həllinin, 907-ci düzəlişin tezliklə ləğvinin, Azərbaycan-ABŞ hərbi əlaqələrinin, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın, GUÖAM dövlətləri Silahlı Qüvvələrinin iki və çoxtərəfli əməkdaşlığının və NATO-GUÖAM dövlətləri əməkdaşlığının zəruriliyi barəsində fikir mübadiləsi etdilər.
Görüşün sonunda general-polkovnik S.Əbiyev bütün bu axtarışların uğurla nəticələnməsini və tezliklə real əməkdaşlığa başlanmasını arzuladığını bildirdi.
Görüşdə Müdafiə nazirinin müavini polkovnik M.Beydullayev, Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnik-leytenant D.Məmmədov və ABŞ-ın Azərbaycandakı hərbi attaşesi mayor Mitçell Biondiç iştirak etmişlər.