Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev 9 may Qələbə gününün 54-cü ildönümü münasibətilə Böyük Vətən müharibəsi veteranlarının bir qrupunu qəbul etmişdir.
Müdafiə naziri 1941-45-ci illər Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqları xüsusi qeyd etmişdir. O, 416-cı, 77-ci, 223-cü və 402-ci Azərbaycan diviziyalarının keçdikləri döyüş yolundan bəhs etmişdir. 176 min azərbaycanlının orden və medallarla təltif edilməsindən, 120-dən artıq Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsindən xalqımızın iftixar hissi duyduğunu qeyd etmişdir.
General-polkovnik S.Əbiyev qəhrəman ata və babaların igid nəvələrinin bu gün Ermənistan-Azərbaycan cəbhəsində vətənə ayıq-sayıq xidmət etdiklərini veteranlara çatdırmışdır. O demişdir: “Prezident H.Əliyevin gündəlik qayğısı sayəsində Azərbaycan Ordusunda müsbət dəyişikliklər baş vermiş, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və taktiki hazırlığı yüksəlmişdir. Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə həll olunmasa Azərbaycan Ordusu Ali Baş Komandan H.Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır”. O, çıxışın sonunda Prezident H.Əliyevin tövsiyəsi ilə onun Klivlend xəstəxanasından göndərdiyi salam və ehtiramı müharibə veteranlarına çatdırmışdır.
Sonra Azərbaycan Respublikası Əmək, Silahlı Qüvvələr və Müharibə Veteranları Şurasının sədri istefada olan general-mayor Bahadur Hüseynov və professor Məzahir Abbasov çıxış edərək Müdafiə nazirinə səmimi qəbul üçün təşəkkürlərini bildirmiş və gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Görüşün sonunda Müdafiə nazirinin tərbiyə işləri üzrə köməkçisi polkovnik M.Səlimov “Böyük Vətən Müharibəsi veteranlarının bir qrupunun mükafatlandırılması haqqında” Müdafiə nazirinin əmrini oxumuşdur. Müdafiə naziri müharibə veteranlarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.