Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Jandarm Qoşunlarının baş komandanı ordu generalı Rasim Betiri və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri Azərbaycan və Türkiyə Respublikaları Silahlı Qüvvələri arasındakı əməkdaşlığın getdikcə dərinləşməsindən razı olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev ordu quruculuğunda əldə edilən uğurlar və sahədə mövcud olan problemlər barəsində məlumat vermişdir. O, iki qardaş xalqın Silahlı Qüvvələri əməkdaşlığının sıxlaşmasının tarixi zərurət olduğunu xüsusi vurğulamışdır.
Müdafiə naziri əmin olduğunu bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində Türkiyə Respublikasının rəhbərliyi əlindən gələn köməyi əsirgəməyəcəkdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən ordu-generalı Rasim Betir Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu-generalı Hüseyn Kıvrıkoğlunun salamlarını Müdafiə nazirinə çatdırmışdır. O, general-polkovnik S.Əbiyevin dedikləri ilə tam razı olduğunu qeyd etmiş, Azərbaycanı öz vətəni hesab etdiyini söyləmişdir.
O, demişdir: Ordu quruculuğu uzun bir prosesdir və biz bu sahədə əlimizdən nə gəlirsə sizə kömək edəcəyik.
Səmimi şəraitdə keçən görüşdə regional təhlükəsizlik məsələlərinə toxunulmuş, terrorizm və separatçılıq pislənilmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.