Oktyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alessandro Fallavollitanı və İtaliya Respublikasının Türkiyə və Azərbaycan Respublikalarındakı Silahlı Qüvvələr attaşesi I dərəcəli kapitan Karlo Ferratanı qəbul etmişdir. Görüş hərbi attaşe K.Ferratanın öz missiyasını başa vurması münasibətilə təşkil edilmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra hərbi attaşesinin iki illik fəaliyyətinin səmərəli olduğunu, bu müddət ərzində Azərbaycan-İtaliya hərbi əlaqələrinin yaxşılaşdığını qeyd etmişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab A.Fallavollita Müdafiə naziri general-polkovnik S.Əbiyevin hərbi attaşeyə həmişə qayğı ilə yanaşdığını, Azərbaycan-İtaliya hərbi əməkdaşlığını diqqət mərkəzində saxladığını söyləmişdir. O, qeyd etmişdir ki, biz iki ölkə arasında hərbi əməkdaşlığın yaxşılaşmasına bundan sonra da xüsusi diqqət yetirəcəyik.
Sonra hərbi attaşe K.Ferrata qəbul üçün Müdafiə nazirinə öz minnətdarlığını bildirmiş, Azərbaycan-İtaliya hərbi əlaqələrinin inkişafı üçün əlindən gələni etdiyi söyləmişdir.
İtaliya səfiri Ermənistan-Azərbaycan münaqişəsinin indiki vəziyyəti ilə maraqlanmış, ikitərəfli görüşlər haqqında Müdafiə nazirindən öz təəssüratını söyləməyi xahiş etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan ilk növbədə münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Bütün səviyyələrdə ikitərəfli görüşlər isə münaqişənin həlli istiqamətində müəyyən bir tərpəniş yaratmışdır. O demişdir: “Bizim prinsipimiz dəyişməzdir; “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir”. O, səfirin digər suallarına da cavab vermişdir.
Görüşün sonunda Müdafiə naziri hərbi attaşeyə xidməti üçün bir daha təşəkkür etmiş, ona yaxşı yol arzulamışdır.