Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak etmişdir.
Şuranın iclasında Rusiya Federasiyası, Ermənistan, Tacikistan, Qırğızıstan Respublikalarının və Belarusun müdafiə nazirləri, Ukrayna, Gürcüstan və Qazaxıstan Silahlı Qüvvələrinin nümayəndələri iştirak etmişlər.
Müdafiə nazirləri sammitinin gündəliyindəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl NATO-nun Yuqoslaviyadakı keçirdiyi əməliyyata neqativ münasibət bildirən sənəd qəbul etmişlər. Azərbaycan Respublikasının Müdafiə naziri bu sənədə imza atmamışdır.
İclasın gündəliyindəki məsələlərin müzakirələrində fəal iştirak edən general-polkovnik S.Əbiyev RF-nin Ermənistan Respublikasını intensiv şəkildə silahlandırmasını ifşa edən bəyanatla çıxış etmişdir.
Bəyanatda deyilir: “Zaqafqaziya regionunda və bütövlükdə MDB-də yaranmış vəziyyət və Müstəqil Dövlətlər Birliyinin müvafiq nizamnamə orqanlarının ona təsiri barədə bəyanat verməyi zəruri hesab edirəm.
Ermənistan ərazisində çoxlu miqdarda silahın və texnikanın toplanması və onun artırılmasının davam etdirilməsi xüsusi narahatlıq doğurur. Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən qeyri-qanuni silahların verilməsi faktının istintaqının müxtəlif bəhanələrlə uzadılmasına baxmayaraq, bəzi hallarda “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə, digər hallarda isə Hava Hücumundan Müdafiənin birləşmiş sisteminin yaradılmasına istinad edərək, Ermənistanın intensiv sürətdə silanlandırılmasına davam etdirilir və bu zaman Azərbaycan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə nəzərə alınmır. Silahların verilməsinin ancaq forması dəyişmişdir, döyüş potensialının artırılmasını dayandırmaq haqqında Azərbaycan Respublikasının tam əsaslandırılmış tələblərinə baxmayaraq, bizim ərazimizin bir hissəsini işğal etmiş qonşu dövlətin silahlandırılması indi açıq şəkildə davam etdirilir.
Bunu artıq Rusiyadan Ermənistana gətirilmiş MİQ-29 təyyarələrindən, eləcə də təzə S-300 zenit-raket komplekslərinin yerləşdirilməsindən ibarət yeni aviasiya qruplaşmasının yaradılması təsdiq edir. Artıq bu təyyarələrlə Azərbaycan Respublikasının hava sərhədlərinin pozulması faktı qeydə alınmışdır.
Bütün bu hərəkətlər Ermənistan-Azərbaycan silahlı münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə və onun yenidən qızışdırılmasına təhlükə yaradır, bütün Zaqafqaziya regionunda sülhün, sabitliyin və təhlükəsizliyin əldə edilməsini ciddi şəkildə mürəkkəbləşdirilir.
Müstəqil Dövlətlər Birliyinin ruhu və prinsipləri, onun əsas sənədlərinin tələbləri, MDB dövlətləri başçıları Şurasının qərarları və normaları, bir çox beynəlxalq müqavilələrdən və sazişlərdən irəli gələn beynəlxalq hüququn və öhdəliklərin prinsipləri, eləcə də beynəlxalq təşkilatların qərarları pozulur.
Bu hərəkətlər, ələlxüsus ona görə dözülməzdir ki, dünya birliyində, xüsusilə bizim regionda strateji rol oynayan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk konfransının həmsədri olan Rusiya Federasiyasının öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Biz istəmirik ki, Müdafiə Nazirləri Şurası çərçivəsində əməkdaşlıq-hərbi əməkdaşlığın zahiri əmin-amanlıq görümlülüyü yaradan, gözdən pərdə asan bir vasitəyə çevrilsin.
Yaranmış vəziyyət Müstəqil Dövlətlər Birliyinin kollektiv təhlükəsizlik problemlərinə bizim münasibətlərimizin ciddi analizini və təshih edilməsini tələb edir. Dünyada baş verən hadisələrin aktuallığını dərk edərək, fikrimizcə hər şeydən əvvəl bizim Birlik daxilində işlərin vəziyyətini sahmana salmağımız zəruridir. Müstəqil Dövlətlər Birliyində daxili münaqişələrin həll edilməsi üstünlük təşkil etməlidir.
Sammit başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Serqeyevlə görüş keçirmişdir.
Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 26-da axşam Bakıya qayıtmışdır.