Martın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin qərargahının planlaşdırma və siyasət departamentinin rəisi Hərbi Hava Qüvvələri general-mayoru Çarlz Voksun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri onların respublikamıza səfər təəssüratları ilə maraqlanmışdır. General-mayor Ç.Voks Azərbaycana ilk rəsmi səfərindən məmnun qaldığını bildirmişdir.
Sonra general-polkovnik S.Əbiyev qonaqları Qafqaz regionundakı hərbi-siyasi vəziyyətlə tanış etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri ilə tanış etmişdir.
Sonra qonaqlar Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olmuş, təlim və tədris prosesi il tanış olmuşlar. Daha sonra qonaqlar Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə baş çəkmişlər. Burada brifinq keçirilmiş, qonaqlar məktəbin yaranma tarixi, əldə etdiyi nailiyyətlərlə və tədris prosesi ilə yaxından tanış olmuşlar.
General-mayor Ç.Voks Azərbaycan Silahlı Qüvvələri ilə tanışlıqdan məmnun qaldığını bildirmişdir.
Keçirilən görüşlərdə ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin Ali Baş Komandanının siyasi müşaviri Piter Çavis və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskudero da iştirak etmişlər.