Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-si və 18-də Tbilisi şəhərində rəsmi səfərdə olmuşdur.
Tbilisi Beynəlxalq hava limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini Gürcüstan Müdafiə Naziri general-leytenant David Tevzadze, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hacan Hacıyev və digər rəsmi şəxslər qarşılamışlar.
Gürcüstan Müdafiə Nazirliyində keçirilən təntənəli qarşılanma mərasimindən sonra Azərbaycan Müdafiə nazirinin Gürcüstanın Müdafiə naziri ilə təkbətək görüşü olmuşdur. Bu zaman Azərbaycan Müdafiə nazirliyinin nümayəndə heyətinin üzvləri Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Kollegiyasının üzvləri ilə görüşmüşlər.
Müdafiə nazirlərinin görüşündən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilmişdir.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri Saburtalo qəbiristanlığında Gürcüstan Respublikasının müstəqilliyi uğrunda şəhid olanların məzarları üzərinə əklil qoymuşdur.
Həmin gün general-polkovnik S.Əbiyev Dövlət naziri V.Lortkipanidze ilə görüşmüş və Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət etmişdir.
Səfərin ikinci günü general-polkovnik S.Əbiyev Gürcüstan Parlamentinin sədri Z.Jvaniya, xarici işlər naziri İ.Meneqaraşvili ilə danışıqlar aparmışdır.
Həmin gün Gürcüstan Respublikasının prezidenti E.Şevardnadze general-polkovnik S.Əbiyevi qəbul etmişdir.
Bütün görüşlərdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən danışıqlar aparılmışdır. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı və GUAM çərçivəsində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, hər iki xalqın tarixi taleyinin eyniliyi, hər iki dövlətin Silahlı Qüvvələrinin qarşısında oxşar problemlərin durduğu, “Böyük İpək Yolu”nun, Bakı-Supsa və Bakı-Ceyhan neft kəmərlərinin, Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə qaz kəmərinin mühafizəsi, sülhməramlı taburun yaradılması və hərbi kadrların hazırlanması məsələləri əsas müzakirə obyekti olmuşdur.
General-polkovnik S.Əbiyev Gürcüstan və Ermənistan Respublikalarının ərazisində Rusiya Federasiyası hərbi bazalarının mövcudluğunun Gürcüstan və Azərbaycanın dövlətlərinin müstəqilliyinə bir təhlükə olduğunu vurğulamış, Gürcüstan ərazisindən Ermənistana uçotsuz silahların gətirilməsindən Azərbaycan tərəfinin narahat olduğunu söyləmişdir. O, demişdir: “Rusiya Federasiyası tərəfindən Ermənistana uçotsuz və nəzarətsiz külli miqdarda hərbi texnikanın, silah və sursatın verilməsi Avropada Adi Silahlar haqqında Müqavilənin pozulmasına gətirib çıxarmışdır”.
Tərəflər Dağlıq Qarabağ, Abxaziya və Qafqaz regionundakı digər münaqişələrin eyni ssenari ilə həyata keçirildiyini qeyd etmişlər.
Azərbaycanın Müdafiə naziri Gürcüstanın dövlət başçısı və hökumət rəhbərləri ilə görüşlərində Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının hüquqi-siyasi əsası olmadığını söyləmiş və Gürcüstan-Azərbaycan hərbi ittifaqının yaradılmasını təklif etmişdir.
General-polkovnik S.Əbiyevin Gürcüstana rəsmi səfəri iki dövlətin Müdafiə nazirlərinin görüşünün nəticələri üzrə Protokolun imzalanması ilə başa çatmışdır.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 18-də axşam Bakıya qayıtmışdır.