Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Aviasiya Kollecinin direktoru general-mayor Lans Smitin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onların respublikaya səfəri haqqında təəssüratları ilə maraqlanmışdır. General-mayor L.Smit yüksək qonaqpərvərlik üçün Azərbaycan xalqına minnətdarlıq etmiş, qaçqın şəhərciklərində Ermənistan-Azərbaycan müharibəsinin nəticələrini öz gözləri ilə gördükləri, zəngin informasiya topladıqları və onun öz rəhbərliyinə çatdıracağı haqqında Müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev öz növbəsində qonaqlara Qafqazda çar Rusiyasının bilavasitə köməkliyi ilə Ermənistan dövlətinin yaradılması, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri haqqında geniş arayış vermiş, tarix boyu Rusiyanın ermənilərə havadarlıq etdiyindən və hazırda Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətdən bəhs etmişdir.
Nazir demişdir: “Postsovet məkanında Rusiya Federasiyası ilk olaraq, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən ermənilərə 100-dən çox tank, PDM və artilleriya qurğusu verdi. 366-cı alay Qarabağda Azərbaycanın yaşayış məntəqələrini viran qoydu, Xocalı şəhərini yerlə-yeksan etdi. Rusiya Federasiyası Ermənistan-Azərbaycan müharibəsinin gedişində Ermənistana fəal hərbi yardım göstərdi. Bu yardım indi də davam edir və bu, cənubi Qafqazda partlayış təhlükəsi vəziyyətinə gətirib çıxarmışdır”.
Sonra Müdafiə naziri “Azadlığı dəstəkləmə akt”ına 907-ci düzəliş əlavə edilməsinin dövlət səviyyəsində Azərbaycan-ABŞ əlaqələrinə maneə olduğunu xatırlatmış, onun tezliklə ləğv edilməsini və ABŞ dövlətinin Dağlıq Qarabağ probleminin həllində öz fəallığını artmasını arzulamışdır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.