Aprelin 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu qəbul etmişdir.
Müdafiə naziri səfir S.Eskuderonu salamladıqdan sonra onlar Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında hərbi əlaqələrin genişləndirilməsi barəsində fikir mübadiləsi etmişlər.
Sonra səfir S.Eskudero Azərbaycan Respublikasının Müdafiə nazirinə NATO-nun 50 illik yubileyində iştirak etmək üçün Vaşinqtona qarşıdakı səfərində uğurlar arzulamışdır.
Görüşün sonunda Müdafiə naziri Azərbaycan Respublikasının ABŞ-dakı böyük elçiliyində fəaliyyət göstərəcək Respublika Prezidenti tərəfindən yenicə təyin edilmiş hərbi attaşesi polkovnik-leytenant Daşdəmir Məmmədovu S.Eskuderoya təqdim etmişdir. Səfir isə öz növbəsində ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik-leytenant Daniel Zarenskinin xidmət müddətinin başa çatdığı, bu günlərdə Vətənə qayıdacağı və onu başqasının əvəz edəcəyi barəsində Müdafiə nazirinə məlumat vermişdir.
Səmimi şəraitdə keçən görüş hər iki hərbi attaşeyə Azərbaycan-ABŞ hərbi əlaqələrinin gücləndirilməsi naminə yeni iş yerlərində uğur arzuları ilə başa çatmışdır.