Sentyabrın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələri sülhməramlı tağımın Kosovoya yola salınma mərasimi keçirilmişdir.
Mərasim alay komandiri polkovnik Mirzə Yusifovun Kosovoya yola düşəcək sülhməramlı tağımın hazırlığı barədə Müdafiə naziri general-polkovnik Səfər Əbiyevə məruzəsilə açılmışdır.
Əsgərləri salamladıqdan sonra çıxışa başlayan Müdafiə naziri onlara iştirak edəcəkləri sülhməramlı əməliyyatlarda uğurlar arzulamış və bu tağımın uzaq Yuqoslaviyada Azərbaycan xalqını layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirmişdir. O, demişdir: “Bu missiyanın həyata keçirilməsi Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin şəxsi nüfuzu, iradəsi və gərgin fəaliyyəti nəticəsində 1994-cü ildə Brüsseldə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramını imzalaması sayəsində mümkün olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri sülhməramlı bölüyü yarandığı ilk gündən dünya ordularının eyni profilli hərbi strukturlarının inkişaf yolunu öyrəndi, qabaqcıl təcrübəsindən bəhrələndi. 1997-ci ildə ilk dəfə olaraq Norveç Krallığında “Kooperativ Bonners” təliminə qatılan sülhməramlı tağımımızın uğurları hamımızı sevindirdi. Makedoniyada “Kooperativ Best Efford”, Özbəkistanda “MərkəzAzbat-98” , Türkiyədə ““Kooperativ”, “Barış Körpüsü”, Gürcüstanda “GUAM-98” təlimlərində də Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyünün taqımları yüksək peşəkarlıq nümayiş etdirdilər.
Azərbaycan Ordusunun dünyanın qabaqcıl ölkələri ilə birlikdə Avropada sülhyaratma tədbirlərində iştirak etməsi Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğun olduğunun bir göstəricisidir.
Azərbaycan əsgəri sülhün nə demək olduğunu başqalarından daha yaxşı dərk edir”.
Azərbaycan Respublikası Müdafiə nazirinin çıxışı başa çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.