Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskuderonu onun xahişi ilə qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra tərəflər qarşılıqlı fikir mübadiləsi zamanı Cənubi Qafqazda gedən hərbi-siyasi proseslərə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarına münasibət bildirmişlər.
ABŞ-ın bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən səfir, Azərbaycan və Ermənistan prezidentləri, Xarici İşlər və Müdafiə nazirlərinin ikitərəfli görüşlərini təqdir etdiyini və bu görüşlərin Ermənistan-Azərbaycan münaqişəsinin həllini yaxınlaşdıracağını vurğulamışdır. Səfir Azərbaycan sülhməramlı tağımının Kosovoda beynəlxalq qüvvələrin tərkibində əməliyyatlara qoşulmasını da yüksək qiymətləndirmişdir.
General-polkovnik S.Əbiyev demişdir: “Dağlıq Qarabağ problemi bütün Zaqafqaziya üçün təhlükədir. Bu problem həll edilərsə, regionda baş qaldıran digər separatçı qüvvələr öz iddialarından əl çəkərlər”. Müdafiə naziri həmçinin “Azadlıq aktı”na 907-ci düzəlişin tezliklə ləğv edilməsini arzulamışdır.
Görüşün sonunda o, Türkiyə Respublikasında uyğunlaşdırma təlimləri keçən Azərbaycan Respublikası Silahlı Qüvvələri sülhməramlı taqımının sentyabrın axırlarında Kosovoya yola düşəcəyini bildirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçell Biondiç iştirak etmişdir.