Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çjan Qotsyanı və Silahlı Qüvvələr attaşesi polkovnik-leytenant Yan Syuqanı qəbul etmişdir.
Qonaqları səmimi salamlayan general-polkovnik S.Əbiyev bu görüşdən məmnun olduğunu söyləmişdir.
Səmimi qəbul üçün Müdafiə nazirinə minnətdarlıq edən cənab Çjan Qotsyan Çin xalqının Azərbaycan xalqına, onun Silahlı Qüvvələrinə dost münasibət bəslədiyini bildirərək demişdir: “İki dövlət arasındakı münasibətlər, xüsusilə prezident Heydər Əliyevin 1994-cü ildə Pekinə rəsmi səfərindən sonra yeni vüsət almışdır”.
General-polkovnik S.Əbiyev qonağı Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş, Rusiya Federasiyanın Ermənistana 1 milyard dollarlıqdan artıq silah və sursat verməsindən, həmçinin Ermənistanın Çindən 8 ədəd “Tayfun” raket kompleksi almasından Azərbaycan tərəfinin narahat olduğunu bildirmişdir. O, demişdir: “Çünki Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, Azərbaycan isə bu məsələni sülh yolu ilə həll etmək əzmindədir”.
Səfir Çjan Qotsyan cavabında söyləmişdir ki, mən o zaman dərhal bu məsələni aydınlaşdırdım və sizin hökumət rəhbərlərinə bildirdim ki, bunu bir Çin şirkəti etmişdir və bu Çin Xalq Respublikasının dövlət siyasəti deyildir. Belə bir hadisə daha təkrar olunmayacaqdır. Çin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həmişə hörmət etmişdir və edəcəkdir”.
Sonra general-polkovnik S.Əbiyev ikitərəfli əməkdaşlığın perspektivlərindən bəhs edərək, onun əhəmiyyətli olduğunu vurğulamışdır.
Görüşdə MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov  iştirak etmişdir.