Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Bakı və Tehrandakı attaşesi briqada generalı Eftixar Xan Mehdini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra hərbi attaşe qəbul üçün ona minnətdarlıq etmiş, Pakistan xalqının və Silahlı Qüvvələrinin Azərbaycana səmimi və mehriban münasibətdə olduğunu söyləmişdir. O demişdir ki, biz Azərbaycanın problemlərini və çətinliklərini özümüzünkü hesab edir, əməkdaşlığımızı yaxşılaşdırmaqla bu məsələlərin həllini asanlaşdırmaq istəyirik. O, hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini arzulamış və bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini Pakistana qonaq dəvət etmişdir.
General-polkovnik S.Əbiyev səmimi sözlərə görə qonağa təşəkkür etmiş, Pakistan xalqına və Silahlı Qüvvələrinə uğurlar arzulayaraq bildirmişdir ki, biz Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu unutmamışıq və bu gün də onun bizə dost dövlət olduğuna inanırıq. O, demişdir: “Biz bir-birimizdən nə qədər çox öyrənsək, o qədər faydalıdır. Təkliflərinizə görə minnətdaram”.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.