Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyevin dəvətilə noyabrın 24-dən 26-dək Moskva şəhərində rəsmi səfərdə olmuşdur. General-polkovnik S.Əbiyev rəsmi səfərini faşizm üzərində tarixi Qələbənin 50 illiyi münasibətilə “Poklonnaya qora”da ucaldılmış Abidəni ziyarətlə başlamışdır. Burada Moskva qarnizonunun fəxri Qarovulu düzülmüş və Qarovul rəisi general-polkovnik S.Əbiyevə raport vermişdir. Sonra Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri ifa olunmuşdur.
Noyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev, Rusiya Federasiyasının Müdafiə naziri marşal İ.Sergeyev və Ermənistan Respublikasının Müdafiə naziri general-leytenant V.Arutunyanın üçtərəfli görüşü keçirilmişdir.
Noyabrın 25-də Rusiya Federasiyasının Müdafiə naziri RF marşalı İ.Sergeyev general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət müzakirə edilmiş, iki dövlət mənafelərinə uyğun olaraq ikitərəfli hərbi əməkdaşlığı gücləndirmək qərara alınmışdır. Tərəflər meydana çıxan problemləri həll etmək üçün dərhal ikitərəfli komissiya yaradılması, RF tərəfindən Ermənistana qeyri-qanuni yolla 1 milyard dollarlıq silah və sursatın verilməsini araşdıran üçtərəfli komissiyanın öz işini bərpa etməsi razılığına gəlmişlər. Eyni zamanda Qəbələ RLS-nin statusunu müəyyən etmək üçün məsləhətlərin davam etdirilməsi vurğulanmışdır.
General-polkovnik S.Əbiyev demişdir: “Hazırda RF-sı dövlətinin bəzi vəzifəli şəxslərinin və kütləvi informasiya vasitələrinin Çeçenistan hadisələri ilə bağlı Azərbaycan haqqında heç bir əsası olmayan böhtan xarakterli informasiya yayması dövlətlərarası münasibətlərə ağır zərbə vurur”.
Marşal İ.Sergeyev Azərbaycan ərazisindən Çeçenistana heç bir hərbi yardım göstərilmədiyini təsdiq etmişdir.
General-polkovnik S.Əbiyev marşal İ.Sergeyevi Azərbaycana rəsmi səfərə dəvət etmiş və bu dəvət məmnuniyyətlə qəbul edilmişdir.
Sonda görüş haqqında yekun Protokolu və 2000-ci il üçün Azərbaycan Respublikası və Rusiya Federasiya Müdafiə Nazirliklərinin ikitərəfli əməkdaşlıq planı imzalanmışdır. Görüşdən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
Noyabrın 26-da general-polkovnik S.Əbiyev Naməlum Əsgərin məzarı önünü əklil qoymuş və “Poklonnaya qora”dakı Qələbə muzeyini ziyarət etmişdir.
Səfər zamanı general-polkovnik S.Əbiyev RF Xarici İşlər naziri İqor İvanov və RF hökuməti sədrinin müavini İlya Klebanovla görüşlər keçirmişdir.
Görüşlərdə hər iki tərəfi narahat edən problemlər müzakirə edilmiş və anlaşılmazlıqların meydana çıxmaması üçün iki dövlətin rəhbər işçilərinin ardıcıl dialoqlar keçirmələrinin zəruriliyi qeyd olunmuşdur. Moskva görüşləri zamanı Müdafiə Nazirliyinin nümayəndə heyətini Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rzayev və Azərbaycan Müdafiə Nazirliyinin MDB Birləşmiş Silahlı Qüvvələri qərargahındakı nümayəndəsi general-mayor Vaqif Rəsulov müşayiət etmişlər.
Nümayəndə heyəti noyabrın 26-da axşam Bakıya qayıtmışdır.