Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 4-dən 7-dək Ukraynada rəsmi səfərdə olmuşdur.
Avqustun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevi Lvov hərbi hava limanında Ukrayna Müdafiə Nazirliyi Qərb Operativ Komandanlığının komandanı general-leytenant Stepan Çernilevski, komandanının birinci müavini general-leytenant Aleksandr Kalaşnikov, Ukrayna Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr Departamentinin direktoru general-mayor Valeri Venqer və digər rəsmi şəxslər qarşılamışlar.
Azərbaycan Respublikasının Müdafiə naziri avqustun 5-də Ukrayna Qərb Operativ Komandanlığının Lvov poliqonunda çoxmillətli sülhməramlı “Sülhün sipəri-99” kompüter təlimlərinin açılış mərasimində iştirak etmişdir. 19 dövlətin, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Türkiyənin, Polşanın, İtaliyanın nümayəndə heyətlərinin və qoşun bölmələrinin iştirak etdiyi təlimlərin açılışında Azərbaycan Respublikasının da dövlət himni səslənmişdir.
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlərdə 1200 nəfərə qədər hərbi qulluqçu iştirak edir. Azərbaycan dövlətini bu təlimlərdə Müdafiə Nazirliyinin zabitləri təmsil edirlər. Təlimlər avqustun 13-dək davam edəcəkdir.
Avqustun 6 və 7-də Lvov vilayətinin şəhər tipli Tısovets qəsəbəsində Gürcüstan, Ukrayna, Özbəkistan Respublikası, Azərbaycan Respublikası və Moldova (GUÖAM) dövlətləri Müdafiə Nazirlərinin görüşü keçirilmişdir.
Görüşə sədrlik edən Ukraynanın Müdafiə naziri ordu generalı Aleksandr Kuzmuk əməkdaşlığın aspektlərindən danışmış və GUÖAM Müdafiə Nazirlərinin Bakı görüşünü (yanvar 1999-cu il) yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik S.Əbiyev GUÖAM dövlətlərinin Müdafiə Nazirliklərinin öz aralarında və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq etmələrinin bu günün zərurəti olduğunu söyləmişdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşün sonunda, GUÖAM dövlətləri Prezidentlərinin 1999-cu il aprelin 24-də Vaşinqton şəhərində verdikləri bəyanatı rəhbər tutaraq “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Özbəkistan Respublikası və Ukrayna Müdafiə nazirlərinin şəhər tipli Tısovets qəsəbəsində (Ukrayna) keçən işgüzar görüşü haqqında Protokol imzalanmışdır.
GUÖAM Müdafiə Nazirlərinin növbəti görüşünün 2000-ci ilin yanvarında Gürcüstanda keçiriləcəyi qərara alınmışdır.
Səfər zamanı Müdafiə Nazirliyinin nümayəndə heyətini Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Boris Aleksenko müşayiət etmişdir.
Nümayəndə heyəti avqustun 7-də axşam Bakıya qayıtmışdır.