Xorvatiyanın paytaxtı Zaqreb şəhərində müxtəlif idman növləri üzrə hərbçilərin II Ümumdünya Olimpiadası keçirilmişdir. Bu mötəbər turnirdə 78 ölkənin 6500 idmançısı ilə yanaşı Azərbaycan Silahlı Qüvvələrinin yığma komandası da iştirak etmişdir.
Sərbəst güləş üzrə yarışlarda idmançılarımız xüsusilə fərqlənmişlər. Çavuş Nazim Əlicanov (58kq), sıravi Rövşən Hacıyev (63kq) bütün rəqiblərinə qalıb gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, baş leytenant Elşad Allahverdiyev (76kq) isə bürünc medala layiq görülmüşdür.
Yunan-roma güləşi üzrə yarışlarda sıravi Taleh İsrafilov (54kq) uğurla çıxış edərək komandamıza gümüş medal qazandırmışdır.
Dzü-doçuların yarışında dəfələrlə dünya çempionu olmuş mayor Zülfiyyə Hüseynova (57kq) aldığı zədəyə baxmayaraq 3-cü yeri tutmuşdur. Daha bir bürünc medala 3-cü yer uğrunda mübarizə aparan sıravi Rəsul Səlimov (54kq) layiq görülmüşdür.
Taekvando idmanı üzrə sıravi Elnur Amanov və sıravi Fəqan Umudov (54kq) fəxri kürsünün 3-cü pilləsinə qalxmışlar.
Boks yarışlarında sıravi Tofiq Əhmədov 3-cü yeri tutaraq komandamıza daha bir medal qazandırmışdır.
Sərbəst güləşçilərimiz ümumi komanda hesabına 3-cü yeri tutmuşlar.
Azərbaycan Silahlı Qüvvələrinin yığma komandası Olimpiada yarışlarında 9 medal əldə etmişdir.
Avqustun 21-nə keçən gecə yığma komandamız Vətənə qayıtmışdır.