Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə Müdafiə Nazirliyi Mülki Müdafiə alayının 25 nəfərdən ibarət xilasedici dəstəsi Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin göstərişi və Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin əmri ilə avqustun 17-də fəlakət bölgəsinə gəlmişdir.
Mayor Rauf Əhmədovun komandirlik etdiyi qrup 1-ci gün İstanbul şəhərindəki hərbi xəstəxanada yaralıların yerləşdirilməsində iştirak etmiş, avqustun 18-dən isə fəaliyyətini ən çox dağıntıya məruz qalmış Adabazarı şəhərində davam etdirir.
Dəstə dağıntılar altından 30 nəfəri tapıb çıxarmış, onlardan 8 nəfərini reabilitasiya üçün xəstəxanaya çatdırmışdır.
Avqustun 21-də xilasedicilərimiz 80 yaşlı bir qocanı uçqunlar altından çıxarmağa müvəffəq olmuşlar.
Fəlakət bölgəsindəki dəstəmizin fəaliyyətini Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Baxış Ələkbərov əlaqələndirir.
Xilasedici dəstə lazım olan bütün texniki avadanlıqla təchiz olunmuşdur.
Müdafiə nazirinin göstərişinə əsasən hazırlıq vəziyyətinə gətirilmiş daha bir neçə xilasedici qrup ehtiyac olarsa qardaş Türkiyəyə göndəriləcəkdir.