Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində rəsmi səfərdə olmuşdur.
Avqustun 25-də general-polkovnik Səfər Əbiyevi Həştərxan Privoljski hərbi hava limanında Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin Baş Komandanı aviasiya general-polkovniki Anatoli Kurnukov, MDB dövlətləri Silahlı Qüvvələrini əlaqələndirmə üzrə Qərargah rəisinin müavini, Rusiya Federasiyası Silahlı Qüvvələrinin nümayəndəsi general-polkovnik Viktor Seluyanov, MDB dövlətləri Silahlı Qüvvələrini əlaqələndirmə üzrə Qərargahında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Vaqif Rəsulov, Həştərxan vilayəti Administrasiyası başçısının müavini Vladimir Dyornin və digər rəsmi şəxslər qarşılamışlar.
Azərbaycan Respublikasının Müdafiə naziri və nümayəndə heyəti avqustun 26-da Rusiya Federasiyasının Həştərxan vilayətindəki “Aşuluk” poliqonunda Hava Hücumundan Müdafiənin Birləşmiş sistemi çərçivəsində Rusiya Federasiyası, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan dövlətləri Hava Hücumundan Müdafiə Qoşunları qüvvə və vasitələrinin keçirdikləri yekun “Döyüş Birliyi-99” koalisiya təlimlərində müşahidəçi kimi iştirak etmişdir.
Avqustun 27-də MDB iştirakçı dövlətlərinin Müdafiə nazirləri Həştərxan şəhərinin mərkəzi parkında 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olmuş həştərxanlıların abidəsi önünə əkil qoymuşlar.
Həmin gün Həştərxan vilayəti Nümayəndələr Məclisinin böyük zalında MDB iştirakçı dövlətləri Müdafiə Nazirləri Şurasının 33-cü iclası keçirilmişdir.
Sədrlik edən Rusiya Federasiyasının Müdafiə naziri Rusiya Federasiyası marşalı İ.Sergeyev iclası açdıqdan sonra Həştərxan vilayəti Administrasiyasının başçısı Anatoli Qujvin iştirakçıları salamlamış, onlara uğurlar arzulamışdır.
İclasın gündəliyində olan Hava Hücumundan Müdafiənin birləşmiş sisteminin maliyyələşdirilməsi, MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Əlaqələndirmə Qərargahı, Qərargah rəisi, Rusiya Federasiyasının Abxaziyadakı Sülhməramlı qoşunları haqqında Əsasnamənin hazırlanması və digər məsələlər işgüzarlıq şəraitində müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev gündəlikdə olan məsələlərin müzakirəsində iştirak etmiş və öz təkliflərini vermişdir.
MDB iştirakçı dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasının bu il dekabrın 17-də Moskva şəhərində keçirilməsi qərara alınmışdır.
Nümayəndə heyəti avqustun 27-də axşam Vətənə qayıtmışdır.