Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mülki Müdafiə alayının 25 nəfərdən ibarət xilasedici dəstəsi avqustun 17-dən 28-dək qardaş Türkiyə Respublikasında baş vermiş təbii fəlakət-güclü zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə fəlakət zonasında olmuşdur.
Zəlzələnin ən çox zərbə vurduğu Sakarya şəhərində çalışan xilasedicilərimiz birinci gün 6 nəfər insanı sağ-salamat dağıntılar arasından çıxara bilmişlər. Adı çəkilən şəhərə ilk xilasedici dəstə kimi Azərbaycanlı xilasedicilər daxil olmuşlar. Şəhər valisi Yener Rakıcıoğlu  qardaş köməyinin vaxtında və yüksək səviyyədə göstərildiyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
2 qrupdan ibarət dəstəyə mayor Rauf Əhmədov və kapitan Amil Alcanov rəhbərlik etmişlər. Xilasetmə işlərində kiçik çavuşlar Ramin Gülmalıyev, Zakir Yusifov, sıravilər Elxan İbişov, Azər Fətiyev, Samir Səlimov, Sergey Voronin və Seymur Qədirov xüsusilə fərqlənmişlər.
Fəlakət bölgəsində çalışan xilasedicilərimiz 16 nəfərin həyatını xilas etmiş, 50-dən artıq cəsədi dağıntılar altından çıxarmışlar.
Sakarya valisi cənab Yener Rakıcıoğlu Azərbaycanlı xilasedicilərə yaxın zamanlarda xüsusi mükafatların təqdim olunacağını bildirmişlər.
Avqustun 28-də Mülki Müdafiə alayının xilasedici dəstəsi Bakıya qayıtmışdır.
Binə Hava Limanında şəxsi heyətin təntənəli qarşılanma mərasimi olmuşdur.