Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Beynəlxalq Əlaqələr Komitəsinin Asiya və Sakit Okean dövlətləri üzrə yarımkomitəsinin direktoru cənab Maykl Ennisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Müdafiə naziri onları Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyətlə tanış etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin göstərdiyi səylərə baxmayaraq bəzi ölkələr tərəfindən silahlandırılan və dəstəklənən Ermənistan Respublikası bu məsələdə qeyri-konstruktiv mövqe tutur.
Söhbət əsnasında general-polkovnik S.Əbiyev “Azadlıq Aktı”na 907-ci düzəlişin Azərbaycan-ABŞ qarşılıqlı münasibətlərinin dərinləşməsinə mane olduğunu xüsusilə vurğulamış, yaxın zamanlarda bu düzəlişin ləğvi istiqamətində təsirli addımlar atılacağına ümid etdiyini bildirmişdir.
Azərbaycan-NATO münasibətlərinin xüsusi vüsət aldığını bildirən Müdafiə naziri Azərbaycanın bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bir daha vurğulamışdır.
Amerika nümayəndə heyətinin başçısı cənab M.Ennis Azərbaycan tərəfinin mövqeyini öz rəhbərliyinə çatdıracağına söz vermiş və Azərbaycan-ABŞ dövlətlərarası münasibətlərinin və hərbi əməkdaşlığının daha da genişlənməsini arzuladığını bildirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi mayor Mitçel Stiven Biondiç iştirak etmişdir.