İyulun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Dövlət Departamentinin minalardan təmizləmə İdarəsinin əməkdaşı cənab Karl Olsonun başçılıq etdiyi minalardan təmizlənmənin qiymətləndirilməsi üzrə humanitar yardım qrupunu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət haqqında məlumat vermiş, iyun ayının 14-də Tərtər rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması faktını bir daha qonaqların nəzərinə çatdırmışdır. O, demişdir: “bildirmək istəyirəm ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazimizin xeyli hissəsi işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistan təcavüzkar dövlətdir və onu sülhə gəlməyə məcbur etmək lazımdır”.
Səmimi qəbul üçün təşəkkür edən cənab K.Olson demişdir ki, qrupun əsas məqsədi Azərbaycanın ABŞ-ın minalardan humanitar təmizləmə proqramına daxil olması üçün, ABŞ Agentliklərarası işçi qrupuna məsləhət verməkdən ibarətdir. Bu məqsədlə nümayəndə heyəti erməni işğalından azad edilmiş ərazilərdə minalanmış sahələrin təyin olunması və minalardan təmizlənmə dərəcəsinin müəyyənləşdirilməsi istiqamətində iş aparacaqdır.
Görüşün sonunda Müdafiə naziri qonaqları maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskudero iştirak etmişdir.